İnternetə qoşula bilən cihazlar risk altındadır? | Hər kəsi düşündürən suala cavab verildi
Livanda peycer və telefonlara edilən hücumdan sonra smart cihazların təhlükəsizliyi hər kəsi düşündürməyə başlayıb.
Məişət texnikasından tutmuş avtomobillərə qədər internetə qoşula bilən bir çox cihaz kənardan idarə oluna bilərmi?
Məsələ ilə bağlı Türkiyə mediasına açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Tamer Şahin internetə qoşulan bütün ağıllı cihazların risk altında olduğunu bildirib.
“Bu cihazlar davamlı olaraq internetə bağlı olduğu üçün kiberhücumlarla manipulyasiya edilə və fiziki həyata zərər vermək üçün istifadə edilə bilər. Məsələn, soyuducuda yanğın törədə və ya televizor kamerası vasitəsilə insanları seyr edə bilərlər. Smartfonlar söndürüldükdə belə digər cihazlarla əlaqə qurur”, – o deyib.
Tamer Şahin bir çox yeni nəsil avtomobillərdə kənar müdaxilə ilə əyləclərin bağlana, sükanın döndərilə bilindiyini iddia edib. Onun sözlərinə görə, bu cür müdaxilələr xüsusilə yüksək sürətdə ciddi qəzalara səbəb ola bilər.
Mərmərə Universitetinin professoru Əli Murad Kırık ağıllı məişət texnikasının risk altında olduğunu istisna etməyib:
“Ağıllı elektrik yuvaları, termostatlar və sobalar kimi cihazlar zərərli proqramlar vasitəsilə həddindən artıq istiləşməyə və ya elektrik yüklənməsinə səbəb ola bilər. Bu, yanğın və ya partlayış təhlükəsi yaradır”.
Kibertəhlükəsizlik mütəxəssisi Osman Dəmircan modem təhlükəsizliyinin gözardı edilməməsi lazım olduğunu vurğulayıb:
“Modem evdəki bütün ağıllı cihazlara qoşulub. Həssas bir modem bütün smart cihazlara girişi təmin edir. Modemin təhlükəsizliyi təmin olunmazsa, o, kənar müdaxilələrə açıq olur”.
Bununla belə ekspertlər qeyd ediblər ki, kibertəhlükələrdən qorunmaq üçün proqram təminatı yenilənməlidir:
“Mürəkkəb və güclü parollardan istifadə, etibarlı brendlərdən məhsul seçmək təhlükəsizlik risklərini azaldır”.