İstanbulda beynəlxalq konfrans işə başladı
Sentyabrın 15-də İstanbulda Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları üçün “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” 5-ci yubiley beynəlxalq konfransı işə başlayıb.
Konfransın tərəfdaşları qismində “Quest Group”, “Indorama”, “IK Group”, “Amanat Group”, “Altin Ates Group”, “Uzkimyoimpeks”, “Ferkensco”, “Wondernet Express Investment Group”, “Kazphosphate”, “KazAzot”, “AZCHEMCO”, “ADY Express”, “Everest Energy”, “CIM Banque” və “Integral Group” çıxış ediblər.
“AZCHEMCO” şirkətinin direktoru Ruslan Akçurin günün ikinci sessiyasındakı çıxışında suda həll olunan və maye gübrələrin, aqrokimyəvi preparatların istehsalı üzrə şirkətin plan və layihələrini, eləcə də şoran torpaqların bərpası üzrə şirkətin metod və texnologiyalarını ictimaiyyətə təqdim edib. O, şirkətin son zamanlar əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan Nazirlər Kabinetinin qida məhsullarında kimyəvi izlərin olmasına qadağa haqqında qərarının tələblərinə tam cavab verən “V32S” innovativ maye azot gübrəsinin və AZS 932:2023 “Gübrələr-Maye” birinci dövlət standartı birgə layihəsinin yaradıldığını bildirib.
Konfransa həmçinin “SOCAR”, “Dreymoor Fertilizers Overseas”, “KazMunayGas”, “SGS” və bir çox başqa şirkətlər də qatılıb.
“Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” regionda ən böyük beynəlxalq tədbirdir və əsas gübrə istehsalçılarını, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndəricilərini, ixracatçıları, bank və maliyyə təşkilatlarını, aidiyyəti dövlət qurumlarının geniş spektrini bir araya gətirir.