Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakının əsas giriş istiqamətlərindən biri olan 20 Yanvar ərazisində nəqliyyat sıxlığının azaldılmasına imkan verəcək Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihə Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına çıxışını təmin edəcək.
Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq. Ümumi uzunluğu təxminən 29 kilometr olan yeni avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, hazırda yolun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb.
Layihə çərçivəsində körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpülərdə işlər yekunlaşma mərhələsinə çatıb, digər qurğularda isə tikinti işləri aparılır.
Yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasındakı yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının yaradılmasına xidmət edəcək.
#Tikinti işləri teqi istifadə olunub
- “Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV
- Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- 176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV
