"Qəlbimdə çox sevdiyim biri var, amma yanına gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qonağı Əməkdar artist Firuzə İbadova olub.
Sənətkar verilişdə səhhətində yaranan problemlərdən, maddi çətinliklərdən və sənət həyatında üzləşdiyi peşmanlıqlardan danışıb.
Firuzə İbadova bildirib ki, 2010-cu ildə insult keçirib, son vaxtlar isə iki dəfə gözündən əməliyyat olunub. O, müalicə xərclərini qarşılamaq üçün evlərindən birini satmağa məcbur qaldığını, hazırda isə kirayədə yaşadığını söyləyib.
“Mən sənətim üçün işləmişəm, sənətimi özümə qul etməmişəm. Çox az məbləğə toylara getmişəm, bəzən oxuyub ödəniş də götürməmişəm. 40-50 toydan imtina edib qastrol səfərlərinə yollanmışam. Çox peşmanam ki, özümü dəyərləndirməmişəm. Gərək birinci özümü düşünəydim”, – deyə sənətkar bildirib.
Əməkdar artist sosial şəbəkələrdə onun estetik əməliyyat etdirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Bu iddiaların əsassız olduğunu deyən müğənni yazılan xoşagəlməz şərhlərin həm özünə, həm də ailəsinə mənəvi təsir etdiyini vurğulayıb.
Firuzə İbadova sənət dostlarından bəzilərinin çətin günlərində yanında olmadığını da etiraf edib:
“Çox sevdiyim insanlar var, amma çətin günlərimdə bəziləri yanımda olmadı. Maraqlandılar, amma gəlmədilər. Mən onları çox sevirəm. Heç kimdən incikliyimi də açıq demək istəmirəm. Mən çox güclü qadınam, heç vaxt ağlamağı sevmirəm. Bəzən insan danışmır, amma gözləri danışır. Ömrüm boyu susmuşam, indi isə çiyinlərim də, ayaqlarım da yorulub. Hər şeydən yorulsam da, həyatdan hələ doymamışam”.
#Firuzə İbadova teqi istifadə olunub
