"Ayağım əyri idi, düzəltməyib kəsdilər" | Əlilliyi olan Fərid necə məşhurlaşdı? | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə proqramın qonağı əlilliyi olan tiktoker Fərid Salahlı olub. O öz həyat hekayəsini izləyicilərlə bölüşüb.
Sağ ayağı anadangəlmə əyri olan Fərid 5 yaşında həmin ayağının amputasiya edildiyini söyləyib: “Doğulandan ayağım əyri olub, düzəltməyib kəsdilər. Artıq 15 ildir ki, protez istifadə edirəm. Ayağımın olmasını istəyərdim, amma hazırkı vəziyyətim məni narahat etmir”.
Onun sözlərinə görə, amputasiyadan sonra belində 4-cü dərəcə skolioz yaranıb. Əməliyyata ehtiyac olsa da, proses müəyyən risklər daşıyır.
İki ildir ki, ətriyyatçı kimi çalışan Fərid 2020-ci ildə sosial şəbəkələrdə paylaşdığı videolardan sonra məşhurlaşıb: “Protez ayağımla maraqlı hərəkətlər edib paylaşmağa başladım. Heç vaxt inanmazdım ki, insanlar videolarımı bu qədər müsbət qarşılayarlar”.
