"Global Media Group"un əməkdaşları "Bakı Marafonu 2024"ə qatılıblar
Sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan “Bakı Marafonu”nda bu ilin qalibləri müəyyənləşib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfədir keçirilən yarışda “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları da iştirak ediblər.
Ümumilikdə isə marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Ukrayna və Rusiya, eləcə də digər ölkələrdən 18 minədək həvəskar mübarizə aparıb.
Start və finiş nöqtələri Dövlət Bayraq Meydanında olan yarışda kişilər arasında 1-ci yeri türkiyəli Ahmet Alkanoğlu tutub. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange isə 3-cü olub.
Qadınların mübarizəsində ötən ilin qalibi, ukraynalı Natalya Simonoviç bu dəfə də finişə 1-ci çatıb. Azərbaycanlı Anna Yusupova 2-ci, qazaxıstanlı Nelli Qaitova isə 3-cü yeri tutub.
Marafonda “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları da fərqləniblər. Belə ki, “Baku TV”nin əməkdaşları yarışda finişə ən tez çatan ilk 3000 iştirakçı arasında yer tutmağa müvəffəq olublar.