Şimal bölgəsinin yeganə dulusçusu
Su və torpaqdan hazırlanan sənət əsərləri. Təbii ki, bir də insan əməyi. Söhbət dulusçuluqdan gedir.
Əvvəllər bu sənətlə məşğul olan sənətkarlar çox olsa da, indi belə ustalara az rast gəlinir. Qubanın Yenikənd sakini Nəcəf Qədirov demək olar ki, bu gün şimal bölgəsinin dulusçuluq ənənəsini yaşadan yeganə şəxsdir. O bu sənəti atasının istəyi ilə gənc yaşlarında öyrənib. N.Qədirovun evində nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və gildən hazırlanmış müxtəlif əşyalara rast gəlinir.
Bu qabların hazırlanmasına sadəcə su və torpaq kifayət etsə də, böyük əmək və zaman tələb edir. Əvvəlcə torpağın növü düzgün seçilir, sonra su ilə qarışdırılan torpaq xəmir kimi yoğrulur və həmin torpaqdan gil məmulatlar hazırlanır. Qabların xüsusi formaya salınması üçün ustadan xüsusi bacarıq tələb olunur. Hazırlanan qablar bir aya quruyur. Möhkəm və keyfiyyətli olması üçün isə kürələrdə bişirilir.
Son illər dulusçuluq məmulatlarına tələbat artıb. Bu sənətkarı sevindirsə də, sənətinin davamçılarının olmaması onu təəssüfləndirir.