Xətaidə yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı | Əməkdaşımızdan son məlumatlar - Baku TV
Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında liftlərin istismarı ilə bağlı nöqsanlar aşkarlanıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Ceyhun Həsənov küçəsində yerləşən “Qayğı” MTK-ya məxsus binanın liftlərində yoxlama aparılıb və hər üç blokda bəzi liftlərin istismar qaydalarına cavab vermədiyi müəyyən edilib. Qaydalara əsasən, liftlər mütəmadi olaraq yoxlanılmalı, saz vəziyyətə gətirilməli və görülən işlərlə bağlı müvafiq sənədlər aktlaşdırılaraq aidiyyəti quruma təqdim edilməlidir. Lakin MTK tərəfindən təmir və sənədləşmə işləri vaxtında həyata keçirilmədiyi üçün liftlərin istismarı məhdudlaşdırılıb.
Qeyd edək ki, sakinlərin tamamilə liftsiz qalmaması üçün Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə hər blokda liftlərdən birinin fəaliyyətinə müvəqqəti olaraq icazə verilib.
MTK-dan bildirilib ki, aşkarlanan nöqsanlar aradan qaldırılacaq, liftlər yenidən yoxlanılaraq saz vəziyyətə gətiriləcək. Bundan sonra müvafiq aktlar hazırlanaraq Fövqəladə Hallar Nazirliyinə təqdim olunacaq.
