Hamı yataq xəstəsi olacağını düşündü, o isə... | Nik Vuyçiçin inanılmaz həyat hekayəsi | ARAŞDIRMA
“Hər insanın həyatında əlacsız, ümidsiz, çıxılmaz vəziyyətləri olur. Problemlər qarşımızda divar kimi hörülür, amma biz bu divarda qapı açmağı öyrənməliyik. İstədiyiniz kimi ola bilmirsinizsə, məqsədinizə çatmaq sizin üçün çətindirsə, günah, çox güman ki, ətrafınızdakı şəraitdə deyil, özünüzdədir.
Məsuliyyəti dərk edərək, hərəkətə keçin. Əvvəlcə dəyərinizi anlayıb, özünüzə güvənin. Başqalarının fikirlərindən asılı olmayın. Möcüzə və ya fürsət axtarmayın. Siz dünyanın məhvərisiniz və hər şey ətrafınızda fırlanır. Belə də yaşayın”.
Bu fikirlər ABŞ-nin Los-Anceles şəhərində yaşayan yazıçı, ictimai xadim, çoxuşaqlı ata və motivator Nik Vuyçiçin “Sərhədsiz həyat” kitabındandır.
Nikolas Ceyms Vuyçiç 1982-ci il 4 dekabr tarixində Avstraliyanın Melburn şəhərində serb mühacir protestant keşiş Boris Vuyçiç və tibb bacısı Duşkanın ailəsində dünyaya gəlir.
Uşaq tetraameliya genetik xəstəliyi səbəbindən qolsuz və ayaqsız doğulur. Onun yalnız iki bitişik barmağı olan pəncəsinin bir qismi var idi.
Heç nəyə baxmayaraq, valideynlər uşağını çox sevir və gələcəkdə normal həyat sürməsi üçün əlindən gələni edirlər.
İlk təhsilini əlillər məktəbində alan Nik Avstraliyada belə fiziki qüsurla adi məktəbə gedən ilk uşaq olur. 10 yaşında çimmək istədiyini deyən Nik özünü vannada boğmaq qərarına gəlir.
O deyir: “Yaşamaqdan yorulmuşdum, məni belə vəziyyətdə yaradan Tanrıya üsyan edirdim. Çətin anlar yaşadığım üçün suda boğulmaq istəsəm də, ölümümdən sonra məzarımın üstündə valideynlərimin ağladığını təsəvvür etdim. Mənə bu qədər sevgi bəxş edən insanların əzablarını düşünərək intihar etmək fikrindən birdəfəlik imtina etdim”.
Anasının “sən Tanrıya lazımsan və nə vaxtsa öz yolunu tapacaqsan” sözlərindən ruhlanan gənc Nik Qriffit Universitetinə daxil olur.
Bir gün ona universitetdə çıxış etməyi təklif edirlər. O, tələbələr qarşısına çıxıb həyat hekayəsini danışır və çıxışın sonunda təsirlənən kütlənin əksəriyyətinin göz yaşlarını görür.
Həmin gündən Nik motivasiya xarakterli çıxışlar etmək və ictimai natiq olmaq qərarına gəlir. 1999-cu ildən Nik kilsələrdə, məktəblərdə, həbsxanalarda və uşaq evlərində ruhlandırıcı moizələr oxuyur. 2012-ci ildə Vuyçiç Filippin əsilli Kanae Miyahara ilə evlənir və hazırda dörd sağlam uşaq atasıdır.