Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV
Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçməsi təhlükəsizlik risklərini artırır. ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərməsi, eləcə də Hörmüz və Bab əl-Məndəb boğazları üzərində nəzarət uğrunda mübarizə enerji bazarlarında qeyri-müəyyənliyi dərinləşdirir.
Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, hər iki boğazın bağlanması dünya iqtisadiyyatına ciddi zərbə vura və genişmiqyaslı müharibəyə səbəb ola bilər:
“Əgər Bab əl-Məndəb boğazı da Hörmüz boğazı kimi bağlı qalarsa və enerji daşıyıcıları keçməzsə, dünya dövlətləri, ilk növbədə isə ABŞ bu istiqamətdə ciddi addımlar atacaq. Bu isə müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər. Bu dəfə İranla müharibəyə digər dövlətlərin də qoşulması mümkündür”.
Əlimusa İbrahimov hesab edir ki, İranın Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərtdən bəziləri danışıqlar üçün əsas yarada bilər, lakin bütün şərtlərin ABŞ tərəfindən qəbul edilməsi mümkün deyil:
“ABŞ müəyyən şərtləri danışıqlara başlamaq və atəşkəsə nail olmaq üçün qəbul edə bilər. Amma bütün tələblərin qəbul edilməsi mümkün deyil. Tərəflər güzəştə getməsələr, bu şərtlər yenidən müharibənin alovlanmasına səbəb ola bilər”.
#Əlimusa İbrahimov teqi istifadə olunub
