İnfeksionist yayda çimməyin ölümcül riskləri barədə xəbərdarlıq edib
"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər".
Bu barədə rusiyalı infeksionist Mariyat Muxina yerli mediaya bildirib.
"İsti su hövzələrində, xüsusilə yosunların çiçəklənməsi dövründə bakteriyalar və göbələklər sürətlə çoxalır. Qulağa daxil olan su vaxtında xaric edilmədikdə infeksiyanın inkişafı üçün əlverişli mühit yaranır", – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, yosunların həyat fəaliyyəti nəticəsində əmələ gələn maddələr zəhərli ola və qulaq kanalının dərisində qıcıqlanmaya səbəb ola bilər. O, xüsusilə qulaq pərdəsi zədələnmiş şəxsləri ehtiyatlı olmağa çağırıb.
Həkimin sözlərinə görə, belə hallarda su daxili qulağa keçə və ciddi fəsadlara yol aça bilər. Profilaktika məqsədilə Mariyat Muxina çimdikdən sonra qulaqların qurudulmasını, başın yana əyilərək suyun axıdılmasını və xarici qulağın yumşaq dəsmalla silinməsini tövsiyə edib.
O, qulaq çöpündən və digər iti əşyalardan istifadə etməməyi məsləhət görüb. Həkim bildirib ki, zərurət yarandıqda xüsusi qulaq damcılarından istifadə oluna bilər. Qulaq problemi olan şəxslərə isə suya girərkən qulaq tıxaclarından və ya xüsusi qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.
