İran cavab atəşinə hazırlaşır? | Hökumət təcili hərəkətə keçdi - Baku TV
Vaşinqton administrasiyasının rəsmiləri bu həftə ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi güc tətbiqi ilə bağlı yeni təkliflər təqdim edəcəklər.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd olunur ki, bu ayın əvvəlində Tramp ölkədəki etirazlara cavab olaraq İran ərazisinə zərbələr endirməyə yaxın olub. Ancaq bunun əvəzinə, o, qərarı təxirə salaraq Tehranın dialoqa hazır olduğuna inandığını deyib.
Onun sözlərinə görə, ABŞ-nin İrana yaxın ərazilərdə yerləşdirdiyi qüvvələr Venesuela ətrafında olanlardan daha çoxdur.
ABŞ Prezidenti bildirib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir və dəfələrlə əlaqə saxlayaraq danışmağa hazır olduqlarını bildirib.
"Ağ Ev rəsmiləri isə qeyd edirlər ki, İranda etirazlar əsasən yatırılsa da, vəziyyət yaxından izlənilir. Tramp hələlik İrana qarşı zərbələrin endirilməsi ehtimalı ilə bağlı yekun qərar verməyib. O, çox güman ki, bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona hərbi güc tətbiqi üçün əlavə variantlar təqdim olunacaq", – deyə nəşr bildirib.
Bu arada, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "USS Abraham Lincoln" nüvə aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun Hind okeanı akvatoriyasında olduğunu təsdiqləyib.
Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ordunun ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izlədiyini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər gördüyünü bildirib.
#ABŞ Ordusu teqi istifadə olunub
