İsrail Hizbullah qruplaşmasının liderlərini zərərsizləşdirdi
İsrail Ordusu Livanın cənubunda “Hizbullah” hərbi qruplaşmasının liderlərindən birini sui-qəsdlə öldürdüyünü açıqlayıb.
Yerli KİV-in yaydığı məlumata görə, Məhəmməd Şahhuri adlı şəxs sui-qəsd hücumu nəticəsində həyatını itirib.
Qeyd olunub ki, sözügedən şəxs Livandan İsrailə qarşı planlaşdırılan bir çox raket hücumunun müəllifi və icraçısı olub.
Bundan əlavə, qruplaşmanın daha bir üzvü Mahmud İbrahim Fədlallahın da öldürüldüyü bildirilib. O, təşkilatın raket hücumu ilə bağlı bölmələrindən birinə rəhbərlik edib. “Hizbullah” qruplaşması da hər iki şəxsin Livanın cənubunda öldürüldüyünü təsdiqləyib.
Beləliklə, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail Ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda həyatını itirən qruplaşma üzvlərinin sayı 276-ya çatıb.