İsrailin yeni tələbləri açıqlandı | Doha danışıqları uğursuz nəticələndi?
İsrail nümayəndə heyəti Dohada aparılan danışıqlarda HƏMAS-ın təşəbbüsünə cavab verməyib və razılaşma üçün qəbuledilməz olan əlavə şərtlər irəli sürüb.
Bu sözləri “RİA Novosti”yə HƏMAS-ın Livandakı nümayəndəsi Valid Keylani deyib.
“Təşəbbüslərimizə heç bir cavab almamışıq, üstəlik, İsrail əlavə tələblər və yeni şərtlər irəli sürməyə çalışır”, – V.Keylani bildirib.
Onun sözlərinə görə, Doha danışıqları fələstinlilərin gözləntilərinə cavab vermir və əldə edilən nəticələr iyulun 2-də əldə edilmiş razılaşmaları əks etdirmir:
“İsrailin yeni tələblərinə “Netzarim” keçid məntəqəsində və Rəfahda mövcudluğunu saxlamaq daxildir. Biz danışıqların uğursuzluğunu qabaqcadan göstərmək istəmirik, lakin israillilər əvvəlki raundlarda olduğu kimi mane olmağa davam edir”.
Qeyd edək ki, Qətər, Misir, ABŞ və İsrailin iştirak etdiyi Qəzza zolağında atəşkəs üzrə danışıqlar avqustun 15-16-sı Dohada baş tutub. HƏMAS rəhbərliyi konkret atəşkəs şərtlərinin olmaması səbəbindən danışıqlarda iştirakdan imtina edib.