Moskva hədəfdə: sərnişin təyyarələrinin uçuşu dayandı
Avqustun 28-nə keçən gecə Rusiya paytaxtının səmasında PUA-lar aşkar edildiyi üçün “Xalça” planı tətbiq edilib.
Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq reysləri qəbul etməyib və göndərməyib. Məlumata görə, 15-dən çox reys təxirə salınıb. Daha sonra hava limanlarının işi bərpa olunub.
Qeyd edək ki, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva vilayətinin Lyubertsı rayonunda paytaxt istiqamətində uçan Pilotsuz Uçuş Aparatını vurub, itki və dağıntı yoxdur. Məlumatı Moskva meri Sergey Sobyanin “Telegram” kanalında təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində 2 PUA-nı vurduğunu açıqlamışdı.