Putinin Qərb və Ukraynaya cavabı | Qalmaqallı qərar təsdiqləndi
“Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi Moskvanın nüvə reaksiyasına səbəb ola bilər”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından istifadəni son məcburi tədbir kimi qiymətləndirir.
“Rusiya Federasiyası həmişə məsuliyyətli mövqe tutur və nüvə təhlükəsinin azaldılması üçün səylər göstərir. Rusiyanın yenilənmiş nüvə doktrinası vaxtında nəşr olunub. Sənədin mövcud siyasi vəziyyətə uyğunlaşdırılması üçün nüvə doktrinasının yenilənməsi tələb olunurdu”, – deyən D.Peskov vurğulayıb ki, “xüsusi əməliyyat” Qərbin Rusiya Federasiyasına qarşı başlatdığı müharibə kontekstində keçirilir və məqsədlərinə çatana qədər davam edəcək.
Qeyd edək ki, Rusiya Prezidenti ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. O bununla bağlı müvafiq fərman imzalayıb. Sənəddə vurğulanıb ki, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.