Rusiya ilə bağlı sənədə kimlər səs verdi? | Paşinyan bu dəfə istiqamətini dəyişdi
Noyabrın 11-də BMT Baş Assambleyasının Üçüncü Komitəsi "Nasizm qəhrəmanlığına qarşı mübarizə haqqında Rusiya Qətnaməsi"ni qəbul edib. Ermənistanın da qətnamənin lehinə səs verməsi isə birmənalı qarşılanmayıb.
Ermənistanın “Hraparak” nəşri N.Paşinyan iqtidarının illərdir Rusiyaya qarşı təbliğat aparmasına diqqət çəkib.
“Həmişə Rusiyayönlü qətnamələrin əleyhinə səs verən və ya müxtəlif beynəlxalq strukturlarda səsvermədə bitərəf qalan Nikol Paşinyan indi nəinki lehinə səs verir, hətta sənədin həmmüəllifidir. Ekspertlər Cozef Bayden Administrasiyasının dəyişməsindən və Rusiyanın regionda təsirinin genişlənməsindən sonra N.Paşinyanın Vladimir Putinin “qucağına qayıdacağını” və daha absurd situasiyalarla üzləşəcəyini proqnozlaşdırırdılar”, – nəşr bildirib.
Qeyd edilib ki, sənədin “həmmüəllifləri” Ermənistan, Belarus, Çin, Mali, Şimali Koreya və s. ölkələrdir. Qətnamənin əleyhinə isə 54 ölkə, o cümlədən Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Macarıstan, Yaponiya və başqaları səs verib. Ümumilikdə sənəd 116 ölkənin səsi ilə qəbul edilib.