Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çilinin mərkəzi hissəsini əhatə edən əlverişsiz hava şəraiti tornado və sel hadisələri ilə müşayiət olunub.
Belə ki, Rekinoa yaşayış məntəqəsində tornado qeydə alınıb. Küləyin sürətinin saatda 218 kilometrə çatdığı bildirilir. Təbii fəlakət nəticəsində infrastruktura ziyan dəyib.
Çilinin Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə üzrə Milli Xidmətinin məlumatına görə, elektrik xətlərində yaranan problem səbəbindən 7 mindən çox abonent işıqsız qalıb. Dəmir yolu xətlərinin üzərinə işıq dirəyinin aşması isə qatarların hərəkətinin dayandırılmasına səbəb olub.
Paytaxt Santyaqoda güclü yağışlar qəfil daşqınlar yaradıb. Rəsmilər dağlıq ərazidəki 10 yaşayış məntəqəsində qırmızı xəbərdarlıq elan ediblər. Bəzi ərazilərdə yağıntının miqdarı 39,6 millimetrə çatıb.
Səlahiyyətli qurumlar hava şəraitini və yaranmış təhlükələri izləməkdə davam edirlər.
