Tramp ənənəsinə sadiq qalaraq rəqibinə söz atdı | Alovu söndürmək yerinə...
ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Fələstinlə bağlı ölkədə etiraz aksiyaları keçirənlərə çağırış edib.
O, çıxışında ənənəsinə sadiq qalaraq rəqibi Kamala Harrisə söz atmağı da unutmayıb:
“Biz bu gecə buradayıq, çünki biz inanırıq ki, antisemitizm çox təhlükəlidir və sivil cəmiyyətdə bu idealogiyaya yer yoxdur. Bu, tamamilə yolverilməzdir. Biz məktəblərdə, xarici siyasətdə, immiqrasiya sistemimizdə və bu ilin noyabrında keçiriləcək seçki zamanı da buna qarşı çıxmalıyıq.
Antisemitizmin zəhəri hazırda radikal Demokratlar Partiyasının damarlarındadır. Demək istəyirəm ki, bu insanlar həddindən artıq radikaldırlar. Buna şahid olacağımı heç mən özüm də düşünmürdüm. Onlar ağıllarını itiriblər. Kamala Harris isə bu alovu söndürmək yerinə daha da gücləndirir. Onlar heç İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşmək niyyətində deyildilər. Lakin bunu etmək məcburiyyətində qaldılar.
Biz dostumuz və tərəfdaşımız olan İsrail dövlətinin yanında olmalıyıq və bunu etməyə də davam edəcəyik. Amma Kamala kimi prezidentiniz olsa, heç bir şansınız olmayacaq. Biz ölkədə cihadın baş tutmasına icazə verməyəcəyik. D.Tramp hakimiyyətinin altında bu qətiyyən baş verməyəcək. Mən ofisə qayıdanda İsrailin terrorla mübarizəsini dəstəkləyəcəyəm. Onların müharibədə qalib gəlmək hüququ var”.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb. 1 ilə yaxındır ki, davam edən qarşıdurmada Qəzzada ölənlərin sayı artıq 40 mini ötüb.