Ukraynaya icazə verildi | “F16”larla Rusiyaya hücum ediləcək?
Ukrayna Silahlı Qüvvələrinə verilən "F-16" qırıcıları Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə oluna bilər.
Bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren “Politico”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Niderland qırıcıların istifadəsinə heç bir məhdudiyyət qoymayacaq.
“Onlardan yalnız BMT Nizamnaməsində qeyd olunduğu kimi, beynəlxalq hüquqa və özünümüdafiə hüququna əməl etmələrini istəyirik. Bu o deməkdir ki, onlar bundan özünümüdafiə üçün lazım olan hərbi məqsədlərə nail olmaq üçün istifadə edə bilərlər”, – deyə o bildirib.
Məlumat üçün bildirək ki, Böyük Britaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.
Qeyd edək ki, mayın 25-də verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də müttəfiqləri Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb.