Ağstafada toyda baş verən hadisənin təfərrüatı
Ağstafada toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Şadlıq saraylarından birində baş verən hadisədə səhhətində dəyişkənlik yaranan şəxslər xəstəxanaya çatdırılıblar. Onların içərisində azyaşlılar da var.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər zəruri tibbi yardımlardan sonra evə buraxılıblar.
Məsələ ilə bağlı Baku TV-yə danışan toy sahibi Akif Piriyev bildirib ki, zəhərlənməyə səbəb məclisdən əvvəl hazırlanan “Paytaxt” salatı ola bilər: "Məlum məsələdir ki, “Paytaxt” salatı toydan bir-iki gün öncə hazırlanır. Həmin zaman da bizim rayonumuzda qasırğa oldu və işıqlar söndü. Ona görə də bəzi qidalar bir müddət istidə qaldı. Böyük ehtimal zəhərlənmə “Paytaxt” salatından olub".
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxsləri cəlb ediliblər. Qonaqların istifadə etdiyi zəhərlənmə ehtimalı verəcək qida vasitələrindən və içkilərdən analiz üçün nümunələr götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.