Bakıda dəhşətli cinayət | Sevgilisinin qatilinə çevrilən 19 yaşlı qıza ağır cəza
Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 19 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə prokuror təqsirləndirilənin 11 il 3 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək, Səbinə Vəliyeva cəzasını ciddi rejimdə çəkməklə 11 il 3 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 23-də Bakının Suraxanı rayonunun ərazisində baş verib. İttihamda bildirilir ki, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
Səbinə Vəliyeva istintaqa ifadəsində bildirib ki, sevgilisini bıçaqlamasının səbəbi özünün təhqir olunmasıdır. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda sevgilisi ilə görərək bundan hiddətlənib. Fərid Hüseynzadəyə yatmış vəziyyətdə bıçaqla zərbələr endirərək ağır xəsarətlər yetirib.
S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
