Bakıda XTQ mənsubuna hücum edildi
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilən qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Bu barədə məlumatı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov paylaşıb. Məlumatda qeyd edilib ki, Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.