Çimərlikdə kütləvi dava ölümlə nəticələndi | Baş Prokurorluqdan açıqlama
Xəzər rayonunda qətl hadisəsi baş verib.
Şüvəlan qəsəbəsində, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində baş verən kütləvi mübahisə ölümlə nəticələnib.
1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlu bıçaq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə olan yaralı elə orada dünyasını dəyişib.
Baş Prokurorluqdan bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.