Yunan-Roma güləşçilərimiz Paris 2024-ə lisenziya qazanıb
Türkiyədə keçirilən Dünya Olimpiya Təsnifat turnirində 3 yunan-Roma güləşçimiz “Paris-2024”ə vəsiqə əldə edib.
İdmançılarımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda rumıniyalı Rezvan Arnautu 8-2 hesabı ilə məğlub edərək lisenziyanın sahibi olub.
Eyni uğura 87 kq-da çıxış edən Rafiq Hüseynov da imza atıb. Yarımfinalda Laşa Qobadzedən güclü olan təmsilçimiz Paris Olimpiadasında iştirak hüququ qazanıb.
Daha bir güləşçimiz, 130 kq-da yer alan Sabah Şəriəti də Fransanın paytaxtında keçiriləcək turnirə lisenziya əldə edib. Neytral atlet Pavel Qlinçukla üz-üzə gələn idmançımız sonuncu xal prinsipinə əsasən qələbə qazanaraq Yay Olimpiya Oyunlarına qatılmaq imkanına yiyələnib.
Qeyd edək ki, hazırda ölkəmiz “Paris-2024” üçün ümumilikdə 23 lisenziyaya sahibdir. İdmançılarımız 4 illiyin zirvə yarışında boks, atıcılıq, bədii gimnastika, taekvondo, basketbol, güləş, avarçəkmə və badminton kimi növlərdə qüvvələrini sınayacaqlar.