Bahalaşmaya qarşı tədbirlər: Prezident nə tapşırıq verdi?
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə, yəni 9,5 faiz olacağı proqnozlaşdırılır.
Prezidentin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın bu səviyyədə saxlanılmasına nail olunmaqdır. Bu baxımdan işçi qrup tərəfindən inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək. Sonda işçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində yüksək artımı müşahidə olunur. Buna görə daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən süni qiymət artımı edən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcək.