“20 yanvar” cəlladı Nikolay Rıjkovun ölüm səbəbi
Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sonuncu sədri Nikolay Rıjkov ölüb.
Bu barədə Federasiya Şurasının spikeri Valentina Matvienko "Telegram" kanalında məlumat verib.
V.Matvienko 95 yaşında vəfat edən N.Rıjkovun ölüm səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Nikolay Rıjkov 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub.
Ermənipərəst mövqeyi ilə seçilən Nikolay Rıjkov Ermənistanın milli qəhrəmanı adına layiq görülüb, vətən ordeni ilə təltif olunub. Ermənilər zəlzələ zonası Spitaka göstərdiyi yardıma görə ona bu adı veriblər.
Nikolay Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biri olub.
“Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetində birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkov, daxili işlər naziri Bakatin və mən iştirak etmişik”, – deyə N.Rıjkov qətliam barədə danışarkən bildirib.