Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü
“BMT-nin COP29 iqlim konfransının Bakıda təşkili və keçirilməsi qürur mənbəyidir”.
Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, Azərbaycan tədbiri ən yüksək səviyyədə keçirib.
“Təbii ki, Azərbaycana heyranlığımı bildirirəm. O, qardaş, müstəqil gənc dövlətdir və bu səviyyədə aktual mövzuda ən böyük qlobal tədbirə ev sahibliyi edir. Konfransa sədrlik edən ölkənin bu səlahiyyətə malik olması çox vacibdir. Ən böyük uğur isə bütün 190 iştirakçı ölkəni bir araya gətirən diplomatiyadır. Ona görə də heyranlığımı bildirdim”, – deyə E.Baysalov qeyd edib.
Onun sözlərinə görə, Qırğızıstan COP29 konfransının təşkilini diqqətlə izləyib.
“Keçən il Dubayda keçirilən COP28-də Azərbaycana səs verəndə biz bütün il boyu izlədik və bu gün, əlbəttə ki, tarixi irəliləyişləri gözləyirik. Azərbaycan hər şeyi etdi və biz onlarla fəxr edirik”, – deyə Qırğızıstanın Baş nazirinin müavini etiraf edib.