ABŞ-dən İkinci Qarabağ müharibəsi barədə açıqlama | İrəvan hələ də...
“Ermənistan İkinci Qarabağ müharibəsi dövründə hərbi cinayət olduğu bildirilən əməllərin araşdırılmasında irəliləyiş əldə etməyib”.
Bu sözlər ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2020-ci ilin payızında gedən intensiv döyüşlər zamanı qeydə alınan və erməni dilində danışan cinayətkarların törətdikləri əməllərin araşdırılması məqsədilə Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərə qarşı “Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması” ittihamı ilə ümumilikdə 6 cinayət işi başlanılıb. Lakin sözügedən məsələ ilə bağlı heç bir yenilik yoxdur. 6 işdən 4-ü qətl, işgəncə və qeyri-insani rəftarla, biri qətl və işgəncə ilə, digəri isə ehtimal olunan qətllə bağlıdır.
Bundan başqa, hesabatda 6 işin 2021-ci ildə bir cinayət prosesi altında birləşdirildiyi, lakin təhqiqatın hələ də davam etdiyi vurğulanıb.
ABŞ Dövlət Departamenti həmçinin İrəvanda yerləşən yeganə sinaqoqa qarşı törədilən 2 vandalizm aktına da diqqət çəkib. Qeyd edilib ki, bu hərəkətlər antisemitizm haqqında yanlış təsəvvür formalaşdırmağa və milli siyasəti sarsıtmağa cəhd edən xarici aktorlarla əlaqəlidir.