Araxamiya seçkilərdən danışdı | "Azərbaycanlılar qardaş xalqdır"
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində xalqın qalib lider İlham Əliyevə yenidən səs verməsi dünya siyasətçilərinin də diqqətindədir.
Artıq bir sıra ölkələrin prezidentləri, beynəlxalq təşkilatlar İlham Əliyevi yenidən xalqın etimadını qazanması münasibətilə təbrik edirlər.
Beynəlxalq danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən David Araxamiya da Baku TV-nin Şərqi Avropa bürosuna Azərbaycan Prezidenti ilə bağlı məqamları bölüşüb.
“İlham Əliyevi şəxsən tanıyıram. Mən də Prezidentimizin Ukrayna xalqı adından İlham Əliyevə olan təbriklərinə qoşuluram. Azərbaycanlılar bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən səmimi-qəlbdən ölkənizə firavanlıq, Prezidentinizə cansağlığı arzulayıram.
Sizin böyük tarixi qələbəniz var. Hesab edirəm ki, Azərbaycan dünyada baş verən proseslərə tez reaksiya verən dövlətlərdən biridir. Bizdə bu terror aktı ilə bağlı vəziyyət yarananda Avropanın ən böyük su elektrik stansiyası partladıldı, bütün şəhərlər su altında qaldı. Mən ölkənizin rəhbərliyinə zəng etdim və 24 saat ərzində Azərbaycandan birinci təyyarə gəldi. Bu, bizim üçün çox vacib idi. Əlbəttə ki, yardımın həcmi daha böyük olan ölkələr var, ancaq biz Azərbaycanın həmişə göstərdiyi səmimiyyəti və mehribanlığı buradan başa düşməliyik. Ona görə də biz Azərbaycana vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə minnətdarıq və həmişə minnətdar olacağıq”, – o qeyd edib.
D.Araxamiya onu da bildirib ki, Azərbaycan xalqı öz qalib liderini yüksək ehtiramla qiymətləndirir.