Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
Dövlət başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib.
Türk Dövlətləri Təşkilatının da iki ölkənin gündəliyində prioritet istiqamət olduğu vurğulanıb.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, beynəlxalq səviyyədə nüfuzunun artmasının, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dost və qardaş Azərbaycanı da sevindirdiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb.
Qazaxıstan Prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır. Kasım-Jomart Tokayev COP29-un ölkədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib.
Görüşdə iki ölkənin bu məsələ ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunulub.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olunub, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirilib və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırılıb.
Humanitar sahədə əməkdaşlığa toxunulub, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulanıb.