Azərbaycan Rusiya-Ukrayna danışıqlarında vasitəçiyə çevrilir? | BİZDƏN NƏ DANIŞIRLAR?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli dövrə düşüb və bu məqam da dünya mediasında diqqətdən kənar qalmayıb.
İordaniyanın “MENAFN” nəşri xəbər verir ki, İtaliya mətbuatı Prezident İlham Əliyevin ölkəyə səfərini geniş işıqlandırıb. “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress” daxil olmaqla media mənbələri Romadakı Kuirinale Sarayında Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü barədə məlumat veriblər. Görüşdə iki ölkə arasında strateji və çoxşaxəli əməkdaşlıq əlaqələrinin vurğulandığı qeyd olunub.
Ukraynanın “Novosti.ua” xəbər portalında dərc olunan məqalədə Prezident İlham Əliyevin Ukrayna ərazisində qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyişin olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilib.
Böyük Britaniyanın “Reuters” informasiya agentliyi oxucuların diqqətinə çatdırır ki, Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etmir.