Azərbaycan və Qazaxıstan prezidentləri zəng zamanı nələri müzakirə etdi?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Qazaxıstan Prezidenti ilk növbədə ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Prezidentinin iştirakını xüsusi qeyd edib. Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.
Dövlət başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Kasım-Jomart Tokayev Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub. Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Qazaxıstan Prezidenti Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib. Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.