Azərbaycan xarici işlər nazirinin müavini Suriyada | Vacib məsələlər müzakirədə
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
O, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.
Nazir müavini Suriyanın istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.
Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpa prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Suriyalı nazir Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib.
O, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib. Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Suriyada Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Sonda Suriya xarici işlər naziri ölkəmizə səfərə dəvət olunub.