Baş Prokurorluq Gəncəyə terrorun vurduğu ziyanı açıqladı
“4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Arutyunyan Araik Vladimroviç və digərləri barəsində Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 186, 214, 218, 228, 279-cu maddələri ilə cinayət işi başlanılıb”.
Bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.
Bildirilib ki, istintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilmiş, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə xəsarət almış şəxslərin almış olduqları xəsarətlərə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, eyni zamanda xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.
Ş.Osmanov qeyd edib ki, Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 21 sayda dövlət mülkiyyətinə, 3 565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə 87 710 196 manat məbləğində qəsdən maddi ziyan vurulub.