Belə bir hadisə tarixdə olmayıb | İlham Əliyevdən vacib açıqlama
“1994-cü ildə Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi. O, tarixi qərar idi və o vaxt mən də xatırlayıram, bu müqavilə ilə əlaqədar bir çox mülahizələr, bir çox fikirlər var idi. Bunu qəbul etməyənlər var idi”.
Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“O müqavilə imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı.
Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. Xatırlayıram, mənim atam o müqavilə imzalanandan sonra tez-tez məndən soruşurdu, nə vaxt biz artıq onu görəcəyik”, – deyə dövlət başçısı əlavə edib.