Ceyhun Bayramov ATƏT rəsmisi ilə seçkilərə hazırlıq məsələlərini müzakirə etdi
İyulun 31-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib.
Görüş zamanı cari ilin 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
Nazir bu ilin əvvəlində baş tutmuş prezident seçkiləri kimi qarşıdan gələn seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Eyni zamanda prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərini əhatə etməsinin tarixi məqam olduğu vurğulanıb.
Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.
Həmçinin seçki müşahidə missiyalarının müvafiq qaydalara və mandatlarına uyğun olaraq seçkilərin müşahidəsi prosesində obyektiv və qərəzsiz yanaşma tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.