Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırırlar” adlı veriliş efirə gedib.
Verilişdə ermənilərin İrəvanın keçmişini unutdurmaq üçün bu şəhərin gerçək tarixini İran və ya fars adı ilə təqdim edib böyük tarixi cinayət törətmələrindən bəhs olunub.
Bildirilib ki, erməni vandalları tərəfindən mədəniyyət nümunələrinin göz önündə dağıdılması ilə barışmayanlar da var. Belə ki, Cənubi Qafqazda münaqişələr kontekstində yaddaş, sərhədlər və şəxsiyyətin yaradılması siyasəti, müstəmləkə və post-müstəmləkə irsinin araşdırması ilə məşğul olan Lilit Gijlaryan Münaqişənin Transformasiyası Təhlili Mərkəzinin layihə meneceridir.
Onun İrəvanın qədim vaxtlardan bəri azərbaycanlıların yaşadığı Firdovsi küçəsi haqqında çıxış və yazıları tarixi gerçəyin etirafı baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, L.Gijlaryan İrəvan tarixini gizlədən, onu saxtalaşdıran erməni tədqiqatçılarının əməllərini də ifşa edib:
“Onun yazısından bəlli olur ki, İrəvan Gəncə, Şamaxı və digər Azərbaycan şəhərləri kimi kərpicdən tikilib və eyni formaya malik olub. 1924-cü ildə İrəvanın simasını dəyişmək üçün hər vasitəyə əl atan ermənilər tezliklə tuf daşlı yeni şəhər tikiblər, əsl şəhəri ya torpağın altında, ya da qalın sement qatların içində gizlədiblər, tədricən dağıdıblar.
Bu gerçəyi anlayan erməni alim və araşdırmaçıları Azərbaycan türklərinin izini itirmək üçün bütöv İrəvanın fars, tatar, bəzən də taciklərə aid olması haqqında sərsəm və elmi sübutu olmayan fikirlər yazırlar. Elə qədimdən azərbaycanlıların yaşadığı, İrəvan xanının da evinin yerləşdiyi küçəyə fars-tacik şairi Firdovsinin adını verməklə İrəvanı fars mədəniyyətinə calamaq, Azərbaycan izini itirmək məkrini güdür”.
