“Gürcü arzusu” azərbaycanlıların sıx yaşadığı yerlərdə nə qədər səs topladı?
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası azərbaycanlıların sıx yaşadıqları bölgələrdə 80 %-dən çox səs toplayıb.
Bu barədə Baku TV-yə verdiyi müsahibəsində gürcüstanlı ekspert İrakli Latariya bildirib.
“Seçkilər tam olaraq gözlədiyimiz kimi nəticələndi. “Gürcü Arzusu” partiyasının 80 %-dən çox səs toplaması hakimiyyətimizin yalnız gürcülərə deyil, bütün Gürcüstan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Ona görə də mən sülhü, inkişafı seçən hər kəsə təşəkkürümü bildirirəm.
Düşünürəm ki, sabah və sonrakı günlərdə daha sakit və xoşbəxt ölkədə yaşayacağıq. Müxalifətin seçkilərin nəticəsini tanımamasına gəlincə isə onlar 12 ildir saxtalaşdırmadan danışırlar. Biz artıq buna alışmışıq. Müxalifət ölkəyə zərər verməkdən başqa heç bir iş görmür”, – deyə ekspert qeyd edib.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” partiyası parlament seçkilərində 53,93 % səs toplayaraq qalib olub.