İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.
Əvvəlcə dövlət başçısı və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.
Görüşdə İlham Əliyev imzalanan Memorandumun əhəmiyyətinə toxunaraq, əməkdaşlığın gündəlikdə çox mühüm bir səhifə açdığını deyib və bu sənədin imzalanmasını növbəti önəmli mərhələ kimi dəyərləndirib.
İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirib. Tədbirin əhəmiyyətini vurğulayan dövlət başçısı çox səmərəli nəticələrin əldə olunduğunu qeyd edib.
Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.