İlham Əliyev Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etdi
Prezident İlham Əliyev noyabrın 25-də ABŞ-nin Prezidenti Donald Trampa zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçısı Donald Trampı ABŞ-nin prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycanla ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Donald Tramp ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.