İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə zavod tikintisi ilə tanış olub
Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.
Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.
Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri – restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.