İlham Əliyev və Si Cinpin görüş zamanı nələri müzakirə etdi?
“Azərbaycan və Çin yaxın tərəfdaşlardır və qəbul edilən Bəyannamə bu iki ölkəni rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyət, həmçinin yüksək məsuliyyətdir”.
Bu barədə Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə iyulun 3-də Astanada keçirdiyi görüşdə bildirib.
Dövlət başçısı deyib ki, gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.
Prezident bildirib ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır.
Həmçinin Çindən Azərbaycana ixracın artmasından məmnunluq qeyd olunub.
Prezident İlham Əliyev qeyd edib ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsi qeyd edilib.
Bildirilib ki, əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb.
Ölkələrimiz arasında yükdaşımaların artması xüsusi məmnunluqla bildirilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkələrimizin bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlar olduğunu bildirib. İki ölkə arasında əməkdaşlığın səmərəli nəticələr verdiyi və daha zəngin strateji məzmuna çatdığı vurğulanıb. Birgə Bəyannamənin yeni bir başlanğıc nöqtəsi olduğu qeyd edilib.