İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi
Rəsmi Tehran iranlı ayətullahın dövlət televiziyasında səsləndirdiyi təhqiramiz və təxribat xarakterli bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Bakıdakı müvəqqəti işlər vəkilini çağırması və ona etiraz notası təqdim etməsi barədə məlumatı təsdiqləyib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Hadisə ilə bağlı İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçili danışıb.
O bildirib ki, İranın siyasəti qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkənin şimal-qərbində yerləşən şəhərlərdən birində bir nəfərin düşüncəsiz və yersiz bəyanatları ilə bağlı olub.
“Bu cür bəyanatların hökumətin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, – deyə o bəyan edib.
Qeyd edək ki, yanvarın 1-də İranın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İran ali rəhbərinin nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi və İran Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və onun liderinə qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.