Kosmosdan əldə edilən məlumatlarla iqlim necə qorunacaq? | Rəqəmsal həllərin COP29-a töhfəsi
Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un altıncı günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, 16 noyabrda yaşıl rəqəmsal fəaliyyətlər, iqlim dəyişikliklərini təhlil etməkdə kosmik agentliklərin rolu, təbii fəlakətlərin mənfi nəticələrini azaltmaq yolları müzakirə olunub.
Qeyd edilib ki, müzakirələrdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın bu sahədəki təcrübəsinin iqlim dəyişikliyinə necə töhfə verdiyinə diqqət çəkib.
“Bizim “Elektron Hökumət” platformamız ictimai xidmətləri modernləşdirib. Kağız istifadəsini azaltmaq üçün elektron sənəd dövriyyəmiz təkcə hər il minlərlə ağacın kəsilməsinin qarşısını almır, eyni zamanda bir milyon səhifəlik sənədə olan ehtiyacı da ortadan qaldırır”, – deyə nazir vurğulayıb.
Ən maraqlı müzakirələrdən biri də futbolun iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəklə bağlı olub. Avropa Klublar Assosiasiyalarının direktoru Çarli Marşal bildirib ki, bütün futbol klubları alyanslarına iqlim naminə səslənib və Bakıda bununla bağlı Bəyanat qəbul olunub:
“Biz üzvləri futbol klubları olan Assosiasiyanı təmsil edirik. Futbolu hamımız tanıyırıq, dünyanın ən məşhur idmanıdır və dünya miqyasında milyardlarla azarkeşi birləşdirir. Hər kəsin futbola bir sevgisi var. İnanırıq ki, bu sevgini yaxşı dəyişikliklər etmək üçün bir gücə çevirə biləcəyik. Bu səbəbdən COP tədbirindəyik”.