MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası | Nələr müzakirə edildi?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə COP29-a sədrliyi barədə məlumat verib.
Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub.
Daha sonra Birlik ölkələri Xarici İşlər Nazirləri Şurasının plenar iclası baş tutub. İclasda bir sıra məsələlər müzakirə edilib.
Eyni zamanda nazirlər İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə hazırlıq məsələlərinə xüsusi diqqət yetiriblər. İclasda MDB XİN başçıları Şurasının növbəti iclasının gələn ilin aprel ayında Qazaxıstanın paytaxtı Astanada keçirilməsi qərara alınıb.