Mehriban Əliyeva: Azərbaycan-Türkiyə qardaşlığı özünün ən yüksək səviyyəsindədir
"İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm”.
Bu, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
“Hörmətli Əminə xanımın humanitar və sosial sahələrdə fəaliyyətini, o cümlədən hərbi münaqişələrdən əziyyət çəkən mülki şəxslərə, qadınlara və uşaqlara yardım göstərilməsi məsələlərinə verdiyi töhfəni xüsusi qeyd edir və bunu yüksək qiymətləndirirəm.
Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Türkiyə Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir.
Qardaş Türkiyə daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfə verir. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi bu gün özünün ən yüksək səviyyəsindədir”, – M.Əliyeva qeyd edib.