Ölkədən çıxışa məhdudiyyətlə bağlı problem necə həll olunacaq?
"Şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə onun məlumatlandırılmaması, bununla bağlı məlumatın yalnız şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun dəyişdirilməsi yaxud da sərhədi keçərkən bildirilməsi digər hüquqların da məhdudlaşdırılmasına səbəb olur".
Bunu Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
"Odur ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi də məqsədəmüvafiqdir", – Ombudsman bildirib.