Prezident enerji təhlükəsizliyi məsələsindən danışdı
“Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”.
Bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
“Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir”, – o bildirib.