Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərindən görüntülər
Prezident İlham Əliyev Böyük Britaniyaya işgüzar səfər edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutan səfər çərçivəsində İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gedib. Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.
İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fridenlə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti qeyd edilib.
Daha sonra İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdlə söhbət edib, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.
İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla da söhbət edib. Dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.
Qeyd edək ki, Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. İlham Əliyev sessiyada iştirak edib.